İrəvan Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına alternativ görmür. Bu barədə Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan bəyan edib.
“Həmsədrlərin mövqeyi həmsədr ölkələrin prezidentləri səviyyəsində beş bəyanatda öz əksini tapıb. Ermənistanın mövqeyi həmsədrlərin yanaşması ilə üst-üstə düşür. Azərbaycanın mövqeyi də beynəlxalq birliyin yanaşmaları ilə eyni olduğu zaman biz həqiqətən bu münaqişənin siyasi nizamlanması imkanını əldə edəcəyik”, - deyə o, RF XİN başçısı Sergey Lavrovla danışıqların yekunlarına dair mətbuat konfransında bildirib.
“Əfsuslar olsun ki, bu günədək Azərbaycan münaqişənin nizamlanması və etimad tədbirlərinə dair həmsədrlərin irəli sürdüyü təkliflərini rədd edir”, - deyə erməni nazir əlavə edib.
“Lakin danışıqların alternativi yoxdur. Ermənistan həmsədrlərlə birgə münaqişənin yalnız sülh yolu ilə nizamlanmasına yönələn səylər göstərəcək”, - deyə E.Nalbandyan vurğulayıb.