Digər Avropa institutları kimi Avropa İttifaqı da Qarabağ münaqişəsi ilə bağlı qəti mövqeyini ortaya qoymalıdır. Bu barədə xarici işlər naziri Elmar Məmmədyarov Avropa İttifaqının Avropa Qonşuluq Siyasəti və Genişlənmə danışıqları üzrə komissarı Yohannes Han ilə çərşənbə günü Bakıda görüş zamanı bəyan edib.
Nazir qonağa Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqların cari vəziyyəti haqqında məlumat verib.
Ölkədə qanunun aliliyinin təmin olunduğunu bildirən E.Məmmədyarov Azərbaycanın ardıcıl demokratik inkişafının davam etdirildiyini bildirib.
Azərbaycanın Avropa İttifaqına üzv əksər dövlətlərlə strateji tərəfdaşlıq münasibətlərinə malik olduğunu deyən nazir Aİ ilə də strateji tərəfdaşlıq əlaqələrinin qurulmasının vacibliyini diqqətə çatdırıb.
Tərəflər Azərbaycan ilə Avropa İttifaqı arasındakı münasibətlərin cari səviyyəsini yüksək qiymətləndiriblər, enerji sahəsində tərəfdaşlıq və TAP və TANAP layihələrinin əhəmiyyətini qeyd ediblər.
Həmsöhbətlər, həmçinin Riqada keçiriləcək “Şərq tərəfdaşlığı” təşəbbüsünün növbəti sammitinin əhəmiyyətini vurğulayıblar və elm, təhsil, humanitar sahələrdə əməkdaşlığın dərinləşdirilməsinin əhəmiyyətini qeyd ediblər .
Y.Əliyev