Hesablama Palatası Azərbaycan Respublikası Dövlət Neft Fondunda (ARDNF) yoxlama aparacaq. Bu barədə Palatanın məlumatında qeyd edilir.
Palatanın Kollegiyası ARDNF-də yoxlamanın aparılmasını təsdiq edib. Məqsəd Dövlət Neft Fondunun büdcəsinin icrası vəziyyətinin auditidir.
Bundan başqa, Palata dövlət büdcəsindən və büdcədənkənar daxilolmalardan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə ayrılan vəsaitlərin istifadəsini; dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşundan Azərbaycan Respublikası Ərazilərin Bərpası və Yenidən Qurulması üzrə Agentliyinə su təchizatı və kanalizasiya sistemlərinin yaradılmasına ayrılan vəsaitlərin məqsədyönlü istifadəsi ilə bağlı yoxlama aparacaq.
Palata, həmçinin dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşundan və ehtiyat fondlarından Ağcabədi və Xaçmaz Rayon İcra hakimiyyətlərinə ayrılan vəsaitlərin məqsədyönlü istifadəsini yoxlayacaq.
A.Axundov