Rəsmi Qahirə Azərbaycanın ərazi bütövlüyünü tezliklə bərpa etməsi üçün onu beynəlxalq arenada dəstəkləməyə hazırdır. Bu barədə Misirin Azərbaycandakı müvəqqəti işlər vəkili Heysam Cəlal bəyan edib.
“Misir Azərbaycanın ərazi bütövlüyünün bərpası məqsədilə istər BMT, istərsə də İƏT olsun, beynəlxalq təşkilatlar çərçivəsində ölkəyə yardım göstərməyə hazırdır”, - deyə H.Cəlal çərşənbə günü jurnalistlərə bildirib.
Onun sözlərinə görə, Misirin mövqeyi dəyişməz olaraq qalır, rəsmi Qahirə isə separatçı Dağlıq Qarabağ rejiminin işğal olunmuş Azərbaycan ərazilərində keçirmək niyyətində olduğu qondarma parlament seçkilərini dəstəkləmir.
“Biz BMT-nin dörd qətnaməsini dəstəkləyirik. Mövqeyimiz dəyişməz olaraq qalır. Misir Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində ədalətli yolla nizamlanmasının tərəfdarıdır və bu istiqamətdə ATƏT-in Minsk Qrupunun səylərini dəstəkləyir”, - deyə o vurğulayıb.
F.İsazadə