“TuranBank” beynəlxalq ticarət əməliyyatlarını maliyyələşdirmək üçün İqtisadi Əməkdaşlıq Təşkiatının (ECO) Ticarət və İnkişaf Bankından $2 mln. kredit cəlb edib. Bu barədə “TuranBank”ın məlumatında bildirilir.
“Cəlb olunan vəsaitlər banka istər üzv, istərsə də digər ölkələrarası idxal-ixrac əməliyyatlarının genişləndirilməsinə, müştərilərin ticarət əməliyyatlarının dəstəklənməsinə imkan yaradacaq”, - deyə məlumatda qeyd edilir.
Bu, bankın ECO Ticarət və İnkişaf Bankı ilə imzaladığı sayca ikinci kredit sazişidir. Bank ötən il bu maliyyə qurumundan kiçik və orta sahibkarlığın maliyyələşdirilməsini genişləndimək məqsədilə 4 il müddətinə $3 mln. həcmində vəsait cəlb edib.
ECO Ticarət və İnkişaf Bankı 2005-ci ildə Azərbaycan, İran, Pakistan, Əfqanıstan və Türkiyə tərəfindən yaradılıb. Bankın nizamnamə kapitalı 300 mln. SDR-ə bərabərdir.
“TuranBank” 1992-ci ilin iyun ayında fəaliyyətə başlayıb. Səhmdarları 6 hüquqi (29,11%) və 22 fiziki şəxsdir (70,89%).
A.Axundov