Müdafiə naziri, general-polkovnik Zakir Həsənov irimiqyaslı gecə təlimlərinin keçirildiyi zonada səhra şəraitində yerləşdirilən hərbi hissələrin və texnikanın vəziyyəti ilə tanış olub və onların hazırlıq səviyyəsini yoxlayıb. Bu barədə cümə axşamı Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Müdafiə Nazirliyinin rəhbərliyi poliqonda yaradılmış müxtəlif təlim nöqtələrinə baş çəkərək şəxsi heyətin, silah-sursatın və döyüş texnikalarının gecə təlimlərində iştirakı və ümumi hazırlıq üzrə görülən işlərin keyfiyyəti ilə maraqlanıblar.
Məlumata əsasən, təlimlər davam edir.
Aprelin 5-dən Azərbaycan Silahlı Qüvvələrin bütün qoşun növlərinin cəlb olunması ilə irimiqyaslı əməliyyat-taktiki təlimlərə başlanılıb. Təlimlər aprelin 10-dək davam edəcək.
Azərbaycanda keçirilən bu cür ilk təlimlərə 15 min nəfərdən ibarət şəxsi heyət, 200-dək zirehli texnika, raket və artilleriya qoşunlarının 300-dən artıq qurğusu, Hərbi Hava Qüvvələrinin 12 ədəd döyüş helikopteri və 8 ədəd döyüş təyyarəsi, həmçinin qruplaşmanın havadan mühafizəsi məqsədilə müasir müdafiə kompleksləri ilə silahlanmış hava hücumundan müdafiə bölmələri və zenit-raket birləşmələri cəlb edilib.
Təlimlər Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən Z.Həsənovun rəhbərliyi altında keçirilir.
F.İsazadə