Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 2015-ci ilin III rübündə Quba və Xaçmaz rayonlarında daşınmaz əmlakın kütləvi qiymətləndirilməsini aparacaq. Bu barədə komitə sədrinin müavini Rafiq Cəlilov cümə axşamı layihənin təqdimatında söyləyib.
“Gələcəkdə belə qiymətləndirmə bütün ölkə ərazisində aparılacaq”, - deyə R.Cəlilov söyləyib.
Daşınmaz əmlakın kütləvi qiymətləndirilməsi üzrə ilk pilot layihə Sumqayıt şəhərində həyata keçirilib.
O söyləyib ki, bu layihə üzrə toplanmış məlumat bazası bu ilin sonunadək fəaliyyətə başlayacaq. Bu sistemdən dövlət strukturları, özəl şirkətlər və sadə vətəndaşlar istifadə edə biləcəklər.
Təqdimatda qeyd olunub ki, son 5 ildə Azərbaycanda 170 min daşınmaz əmlak qiymətləndirilib, hər ay sistemə 5 mindən çox obyekt üzrə məlumat daxil edilir.
“Daşınmaz əmlakın qiymətləndirilməsi sosial subsidiyalar, ipoteka, sığorta, daşınmaz əmlaka investisiyaların qoyuluşu və s. sahələr üçün mühüm əhəmiyyət kəsb edir”,- deyə R.Cəlilov qeyd edib.
Daşınmaz əmlakın kütləvi qiymətləndirilməsi layihəsi Dünya Bankının maliyyələşdirdiyi “Daşınmaz əmlakın qeydiyyatı” layihəsinin komponentlərindən biridir.
Xəbər verildiyi kimi, 2007-ci ilin mart ayında DB-nin Direktorlar Şurası Azərbaycana “Daşınmaz əmlakın qeydiyyatı” layihəsi üzrə $30 mln. məbləğində kreditin ayrılmasını təsdiq edib. Layihənin məqsədi daşınmaz əmlak bazarının dəstəklənməsi və daşınmaz əmlakın etibarlı, şəffaf və səmərəli qeydiyyatı sisteminin formalaşdırılmasıdır. Layihənin reallaşdırılması üçün daha $8 mln. Azərbaycan hökuməti tərəfindən ayrılacaq.
Layihə dörd komponenti özündə birləşdirir. Birinci komponent daşınmaz əmlakın qeydiyyatıdır və məqsədi avtomatlaşdırılmış sistemlərin və onlayn xidmətlərin qurulması vasitəsilə daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı sahəsində daha səmərəli və sərfəli müştəri xidmətlərinin göstərilməsindən ibarətdir. İkinci komponent dövlət əmlakının idarə edilməsi ilə bağlıdır. Avtomatlaşdırılmış əmlak qeydiyyatı və dövlət əmlakının idarəetmə sistemləri üçün baza geodeziya, xəritə və kadastr məlumatlarının təmin edilməsi layihənin üçüncü komponentini əhatə edir. Dördüncü komponent təlim siyasətinin formalaşdırılması və layihənin idarə olunması məsələsinə aiddir.
A.Axundov