«Emerson Process Management» şirkətinin Avropa üzrə prezidenti Royland Van Doren Bakı Ali Neft Məktəbində (BANM) olub və ali məktəbin rəhbərliyi, professor-müəllim və tələbə heyəti ilə görüşüb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə BANM-dən məlumat verilib.
Tədbiri açan BANM-in rektoru Elmar Qasımov BANM ilə «Emerson Process Management» şirkəti arasında əməkdaşlığı xatırladaraq qeyd edib ki, R.V.Dorenin səfəri ikitərəfli əməkdaşlığın həyata keçirilməsində növbəti praktiki addımdır.
O, həmçinin əlavə edib ki, bu tərəfdaşlıq proseslərin avtomatlaşdırılması sahəsində yüksək ixtisaslı mühəndislərin hazırlanmasına, korporativ təhsilə, ixtisasartırmaya, kadr ehtiyatlarının inkişafı kimi vəzifələri uğurla yerinə yetirməyə imkan verəcək.
R.V.Doren BANM və rəhbərlik etdiyi şirkət arasında əldə olunan əməkdaşlıq əsasında şirkətin mütəxəssisləri tərəfindən BANM-in tələbələrinə mühazirə və seminarların keçirilməsinin, təcrübə mübadiləsinin təşkilinin, bu istiqamətdə fəaliyyətin inkişaf etdirilməsi məqsədilə BANM-də xüsusi təlim laboratoriyasının yaradılmasının nəzərdə tutulduğunu qeyd edib.
Görüşdən sonra R.V.Doren BANM-in tələbələri üçün “Liderlik – Təşkilati uğurlara aparan yol”, “Effektiv liderliyin əsasları”, “Çoxsahəli liderlik” mövzularında mühazirə ilə çıxış edib, tələbələri maraqlandıran çoxsaylı sualları cavablandırıb.
Sonda R.V.Doren BANM-in “Fəxri qonaq” diplomu ilə təltif olunub.
A.Zeydullayeva