Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrı mayın 9-u - Qələbə günündə veteranlar üçün “Ər arvadını atıb getdi” adlı tamaşanın pulsuz nümayişini təşkil edəcək. Bu barədə “ İnterfaks-Azərbaycan” agentliyinə teatrdan məlumat verilib.
“Böyük Vətən müharibəsi veteranları mayın 9-da teatra gələ və Azərbaycanın xalq artisti, teatrın baş rejissoru Aleksandr Şarovskinin quruluş verdiyi tamaşaya pulsuz baxa bilərlər”,- deyə teatrdan bildirilib.
Tamaşa Semyon Zlotnikovun Baliyevlər ailəsinin teatr fəaliyyətinin 40 illik yubileyi münasibəti ilə hazırlanıb və ötən ilin noyabr ayında premyerası olub.
“Ər arvadını atıb getdi” melodram janrında, iki aktyorun ifasında hazırlanmış ikipərdəli tamaşadır. Tamaşada rolları Azərbaycanın xalq artisi Yuri Baliyev və əməkdar artist Nataliya Baliyeva oynayırlar.
Tamaşa uzun illər bir yerdə yaşamış ərlə arvadın həyatından bəhs edir. Qəhrəmanlar məhəbbət, nifrət, qısqanclıq duyğuları yaşayırlar. Tamaşada XX əsrin 30-40-cı illərinə aid musiqilərdən istifadə olunub.
A.Zeydullayeva