Azərbaycan və Rusiya alimləri Qafqazın seysmik durumu, geodinamik prosesləri, neftqazlılığı, palçıq vulkanları və ekoloji geofizikasına dair birgə tədqiqatlar aparacaqlar. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Milli Elmlər Akademiyasından (AMEA) məlumat verilib.
Bu məqsədlə AMEA-nın Geologiya və Geofizika İnstitutu ilə Rusiya Elmlər Akademiyasının O.Y.Şmidta adına Yer Fizikası İnstitutu (YFİ) arasında müqavilə bağlanıb.
Sənəd AMEA prezidenti, Geologiya və Geofizika İnstitutunun direktoru, akademik Akif Əlizadə ilə YFİ-nin direktoru, fizika-riyaziyyat elmləri doktoru Sergey Tixotskiy tərəfindən imzalanıb.
Əməkdaşlıq Şimali və Cənubi Qafqaz, həmçinin regionun Xəzəryanı ərazilərinin geologiya və geofizikasının fundamental, tətbiqi məsələlərinin öyrənilməsi istiqamətində elmi potensialların cəmləşdirilməsini nəzərdə tutur.
Sənədə əsasən, iki institutun alimləri birgə ekspedisiya və laboratoriya işləri həyata keçirəcəklər. Tədqiqatların nəticələrinə dair elmi-praktik konfrans və seminarlar təşkil olunacaq. Müqavilədə, həmçinin qurumların elmi-tədqiqat fondları və kitabxanalarından qarşılıqlı istifadə, elmi-texniki, metodik və maddi imkanlardan müştərək nəşrlər üçün birgə yararlanması nəzərdə tutulub.
İlkin mərhələdə tədqiqatlar “Qafqaz-Xəzər regionunun müasir geodinamikası, geofiziki sahəsi, yeraltı quruluşu, neftqazlılığı, palçıq vulkanizmi və seysmikliyi” və “Qafqaz regionunun müasir geodinamikası, geofiziki sahəsi, yer qabığının gərgin vəziyyəti, seysmiklik və seysmik proqnoz” mövzuları üzrə aparılacaq.
Bütün bu işlər beşillik müqavilənin icrasına dair tərtib olunmuş proqram əsasında həyata keçiriləcək.
A.Zeydullayeva