Tatarıstan prezidentinin səlahiyyətlərini icra edən Rüstəm Minnixanovun Azərbaycana səfəri çərçivəsində Gəncə Avtomobil Zavodunda “KAMAZ” yük avtomobillərinin yığılması üzrə konveyer istifadəyə veriləcək. Bu barədə Tatarıstan mətbuatı məlumat verir.
Səfər çərçivəsində R.Minnixanovun Azərbaycan prezidenti İlham Əliyevlə görüşəcəyi gözlənilir.
2015-ci ilin fevral ayında “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyi və “KAMAZ” ASC arasında Azərbaycanda və üçüncü ölkələrdə “KAMAZ” avtomobillərinin yığılması və satışına dair rəsmi distribyutor sazişi imzalanıb. Hazırda Gəncə Avtomobil Zavodunda Belarus istehsalı olan “MAZ” avtomobilləri və “Belarus” traktorları yığılır.
R.Minnixanov Azərbaycanın tatar diasporunun nümayəndələri ilə də görüşəcək. Bundan başqa, səfər çərçivəsində Tatarıstan Respublikasının nümayəndə heyəti və Azərbaycan hökumətinin üzvləri, müəssisə sahibləri və iş adamları ilə görüşlərin keçirilməsigözlənilir.
A.Axundov