Əfqanıstanın sabiq prezidenti Həmid Kərzai 27-30 aprel tarixlərində Bakıda keçiriləcək III Qlobal Açıq Cəmiyyətlər Forumunda iştirak edəcək. Bu barədə
Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib.
“Yeni dünya düzənində etimadın bərpa olunması" mövzusuna həsr olunan Forumun ilk günündə Həmid Kərzainin çıxışı planlaşdırılır.
Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən təşkil olunan tədbirdə 40-dan çox ölkə sabiq və indiki prezident, baş nazir və xarici işlər naziri səviyyəsində təmsil olunacaq. Ümumilikdə isə 75 ölkədən 350-dək nümayəndənin iştirakı gözlənilir.
III Qlobal Açıq Cəmiyyətlər Forumunda etnik və digər zəmində baş verən münaqişələr, terror təhdidləri, demokratiyanın inkişafı kimi bir sıra qlobal problemlər geniş müzakirə ediləcək.
2013-2014-cü illərdə Bakıda Birinci və İkinci Qlobal Açıq Cəmiyyətlər forumları keçirilib. Tədbirlərin təşkilatçıları Diasporla İş üzrə Dövlət Komitəsi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzidir.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi 2012-ci il sentyabrın 30-da Gəncə şəhərində dünyanın bir qrup tanınmış ictimai və siyasi xadimi tərəfindən yaradılıb.
Mərkəzin fəaliyyətinin prioriteti Azərbaycanın elm və mədəniyyətinin görkəmli nümayəndəsi, dahi şair, mütəfəkkir Nizami Gəncəvinin irsinin araşdırılması və dünyada təbliğ olunmasıdır.
R.Babayev