Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) “Gəncə-Qənnadı” SC-nin səhmlərinin 30,03%-nin satışı üzrə təkrar investisiya müsabiqəsi elan edir. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə ƏMDK-dan məlumat verilib.
Müəssisənin 793,926 min ədəd səhmi satışa çıxarılıb. Müsabiqədə yerli və xarici investorlar iştirak edə bilərlər.
Müsabiqə iştirakçıları tərəfindən hazırlanan investisiya proqramında qənnadı məmulatları və ya digər sənaye məhsullarının istehsalı, zəruri avadanlığın quraşdırılmasına dair təkliflər; investisiyaların həcmi və müddətinə dair təkliflər nəzərdə tutulmalıdır.
Müsabiqənin qalibi səhmlərə görə dövlət büdcəsinə ən azı 550 min manat köçürməlidir.
Müsabiqənin qalibi ilə səhmlərin alqı-satqısına dair müqavilə müsabiqənin nəticələrinin təsdiq olunduğu andan etibarən 30 gündən gec olmayaraq imzalanmalıdır. Müqavilə imzalandıqdan sonra müsabiqənin qalibi müsabiqə təklifində nəzərdə tutulmuş səhmlərə görə vəsaiti 60 gün ərzində dövlət büdcəsinə, bəyan edilmiş sərmayənin həcminin 5%-ni isə SC-nin hesabına köçürməlidir.
Müsabiqə üzrə təkliflər 2015-ci il mayın 11-nə qədər qəbul ediləcək. Təkliflər mayın 12-də qiymətləndiriləcək.
Xəbər verildiyi kimi, 2009-cu ilin yanvar, 2010-cu ilin iyul, 2011-ci ilin aprel və 2013-cü ilin fevral aylarında müəssisənin səhmləri investisiya müsabiqəsinə çıxarılıb, lakin səhmlər satılmayıb.
“Gəncə-Qənnadi” SC Gəncə şəhərində yerləşir. Müəssisə 1973-cü ildə istismara verilib və 11,99 hektar sahəni əhatə edir. SC-də 53 nəfər çalışır.
2015-ci il aprelin 1-nə müəssisənin öhdəlikləri 567 min 833,11 manat təşkil edir.
2015-cü ilin aprel ayının 1-nə onun nizamnamə kapitalı 5 mln. 288,19 min manata bərabərdir və nominal dəyəri 2 manat olan adi səhmlərə bölünüb.
N.Abbasova