Tatarıstan prezidentinin səlahiyyətlərini icra edən Rüstəm Minnixanov bazar ertəsi Azərbaycana ikigünlük rəsmi səfərə gəlir. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Tatarıstan Respublikasının Bakıdakı daimi nümayəndəliyindən məlumat verilib.
Səfər çərçivəsində R.Minnixanov Azərbaycan prezidenti İlham Əliyevlə danışıqlar aparacaq.
R.Minnixanovla birgə baş nazirin müavini, sənaye və ticarət naziri Ravil Zaripov, “KamAZ” ASC-nin baş direktoru Sergey Koqoqin, Ümumdünya Tatarlar Konqresinin İcraiyyə Komitəsinin sədri Rinat Zakirov, A.M.Qorki adına Zelenodol gəmiqayırma zavodunun baş direktoru Renat Mistaxov, Tatarıstanın sənaye müəssisələrinin digər nümayəndələrinin daxil olduğu heyət də Azərbaycana gəlir.
Bazar ertəsi R.Minnixanov Azərbaycanın tatar diasporunu nümayəndələri ilə görüş keçirəcək.
Çərşənbə axşamı ikitərəfli biznes forum keçiriləcək və Gəncə Avtomobil Zavodunda “KamAZ” ASC-nin konveyerinin açılışı olacaq.
R.Babayev