Portuqaliya Milli Olimpiya Komitəsi cari ilin iyun ayında Azərbaycanın paytaxtında keçiriləcək Birinci Avropa Oyunları ilə əlaqədar Lissabon-Bakı marşrutu üzrə velosiped yürüşü təşkil edib. Bu barədə “Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsinin (BEGOC) mətbuat xidmətindən məlumat verilib.
Bu ideyanın müəllifi 53 yaşlı velosipedçi və macəra həvəskarı olan Corc Kristovaodur.
Yürüşə Lissabonun Torre de Belem abidəsinin qarşısında start verilib.
Bununla əlaqədar təşkil olunan tədbirdə Portuqaliyanı “Bakı-2015” Avropa Oyunlarında təmsil edəcək idmançılar, məşqçilər, həmçinin milli idman federasiyasının nümayəndələri iştirak edib.
C.Kristovaoya 7 min kilometr məsafəni qət etmək üçün elektriklə işləyən velosiped hədiyyə olunub. Portuqaliya Milli Olimpiya Komitəsinin prezidenti Xose Manuel Konstantino Bakı şəhərinə doğru yürüşün marşrutu üzərində yerləşən ölkələrin Milli Olimpiya komitələrinin prezidentlərinə ünvanlanan məktubları təqdim edib.
C.Kristovao məktubları velosiped yürüşü zamanı İspaniya, Fransa, Monako, İtaliya, Türkiyə, Gürcüstan və Azərbaycanın Milli Olimpiya komitələrinin rəhbərlərinə, eləcə də, Romada Avropa Olimpiya Komitəsinin baş qərargahına və Yunanıstanın Saloniki şəhərində Olimpiya Muzeyinə çatdıracaq.
Birinci Avropa Oyunları 12-28 iyun 2015-ci il tarixlərində keçiriləcək.
Oyunlar 20 idman növünü əhatə edəcək. Bunlardan 16-sı Olimpiya idman növü olacaq.
12 idman növü üzrə yarışlar 2016-cı il Rio de Janeyro Yay Olimpiya Oyunları üçün təsnifat xarakteri daşıyacaq. Bunlar kamandan oxatma, yüngül atletika, çimərlik voleybolu, velosiped idmanı, atıcılıq, üzgüçülük, stolüstü tennis, taekvondo və triatlon idman növləridir. Yarışlarda 49 ölkədən 6 mindən çox idmançı iştirak edəcək. Yarışlar 1 milyona yaxın tamaşaçının izləyəcəyi gözlənilir.
Avropa Oyunlarında 253 dəst medal uğrunda mübarizə aparılacaq.
R.Babayev