Azərbaycanın Qırğızıstandakı səfiri Hidayət Orucovla bu ölkənin parlamenti - Joqorku Keneşin sədri Asılbek Jeenbekovun görüşündə Bakı və Bişkek arasında mal dövriyyəsinin həcminin artması məsələsi müzakirə olunub. Bu barədə “AzərTAc” dövlət agentliyinin məlumatında deyilir.
Səfir 2014-cü ildə Qırğızıstan ilə Azərbaycan arasında əmtəə dövriyyəsinin 2013-cü illə müqayisədə 1,5 dəfə artdığını, ölkələrarası əməkdaşlığın daha da inkişafı üçün hələ də istifadə edilməmiş potensialın olduğunu bildirib.
H.Orucov vurğulayıb ki, Azərbaycan ilə Qırğızıstan arasında əməkdaşlıq əlaqələri təkcə siyasi, iqtisadi və humanitar sahələrdə deyil, həm də parlamentlərarası əlaqələrin dərinləşdirilməsi istiqamətində inkişaf edir.
A.Jeenbekov Azərbaycanın son illər bütün sahələrdə əldə etdiyi uğurlardan məmnun olduğunu bildirib, əməkdaşlığın genişləndirilməsi, xüsusilə iqtisadi sahədə birgə layihələrin həyata keçirilməsində Qırğızıstan tərəfinin maraqlı olduğunu söyləyib.
R.Babayev