“MasterCard” beynəlxalq ödəniş sistemi Azərbaycanda kredit kartlarından istifadəyə marağın artdığını bildirir. Bunu çərşənbə axşamı jurnalistlərə açıqlamasında “MasterCard”ın MDB ölkələri üzrə regional direktoru Hakan Açar deyib.
“Bu gün Azərbaycanda 4,6 mln. debet kartı, 1,3 mln. kredit kartı istifadə olunur. Bununla yanaşı, kredit kartlarının 70%-i son iki ildə buraxılıb. Azərbaycanda kredit kartlarının tətbiqi üçün böyük potensial var”,- deyə H.Açar bildirib.
Onun sözlərinə görə, mövcud potensialın istifadə olunması üçün nağdsız ödənişlərin istifadəsinin təşviqi və stimullaşdırılması üzrə işlər görülməlidir.
O, həmçinin qeyd edib ki, 2014-cü ildə pos-terminallar vasitəsi ilə həyata keçirilən əməliyyatların həcmi70% artıb.
“Bu gün Azərbaycanda 73 min pos-terminal mövcuddur. Ötən il bu terminallarla aparılan əməliyyatların həcmi 70% artıb. Lakin başqa ölkələrlə müqayisədə bu, hələ də aşağı göstəricidir”, - deyə H.Açar bildirib.
O əlavə edib ki, Azərbaycanda “MasterCard”ın tərəfdaş ticarət nöqtələrinin sayı ötən il 40% - 81-ə qədər artıb. Bundan başqa, ödəniş sistemi ölkənin 33 bankı ilə əməkdaşlıq edir.
“Biz Azərbaycanda tərəfdaş şəbəkəsini genişləndirməyi planlaşdırırıq”,- deyə o əlavə edib.
Çərşənbə axşamı “MasterCard” Azərbaycanda “Qiymətsiz üstünlüklər” kampaniyasını təqdim edib. Kart sahibləri alış-veriş edərək hədiyyələr qazanmaq imkanına malikdirlər.
Bundan başqa, kart sahibləri proqrama daxil olan 81 tərəfdaş nöqtədə alış-veriş zamanı 10% endirimdən yararlana biləcəklər. Kampaniya 2015-ci il aprelin 1-dən iyulun 3-nə qədər keçirilir.
A.Axundov