Bakı dünya birliyinin Dağlıq Qarabağ münaqişəsi də daxil olmaqla, dövlətlərin ərazi bütövlüyünün pozulması ilə bağlı prinsipial və məntiqli mövqe nümayiş etdirəcəyinə ümid edir. Bu barədə Azərbaycanın Böyük Britaniyadakı səfiri Tahir Tağızadə bəyan edib.
“Biz dünya birliyinin dövlətlərin ərazi bütövlüyünün pozulması, o cümlədən Dağlıq Qarabağ və ətraf ərazilərin işğalına dair prinsipial və məntiqli mövqeyini görməliyik”, - deyə diplomat “The London Post” nəşrinə müsahibəsində bildirib.
T.Tağızadə qeyd edib ki, Dağlıq Qarabağla bağlı vəziyyət bir ölkənin - Azərbaycanın öz ərazisinin bir hissəsinin digər tərəf - Ermənistan tərəfindən hərbi gücdən istifadə olunmaqla işğal edildiyi klassik hadisədir. Mövcud status-kvo nəinki regional əməkdaşlığa əngəl törədir, həm də qonşu ölkələr və bütün Avropa üçün təhlükə mənbəyidir.
“Beynəlxalq birlik silahlı qüvvələrin həmin ərazilərdən çıxarılması üçün işğalçı ölkəyə təzyiqi nə qədər tez artırsa, bu, bütün Cənubi Qafqazın gələcək inkişafı üçün daha ümidverici perspektivlər açacaq”, - deyə səfir vurğulayıb.
F.Hüseynzadə