Belqrad Bakı ilə əlaqələri siyasi sahədəki kimi, iqtisadi sahədə də genişləndirməkdə maraqlıdır. Bu barədə Serbiya Respublikasının baş naziri Aleksandr Vuçiç bu gün Bakıda Azərbaycan prezidenti İlham Əliyevlə görüş zamanı bəyan edib.
Azərbaycan prezidentinin saytında verilən məlumata görə, Azərbaycan ilə Serbiya arasında ikitərəfli münasibətlərin yüksək səviyyədə olduğunun vurğulandığı görüşdə bu istiqamətdə müxtəlif layihələrin uğurla həyata keçirildiyi bildirilib.
Bakı və Belqrad arasında mövcud olan möhkəm siyasi əlaqələrin və qarşılıqlı anlaşmanın ikitərəfli əlaqələrin genişləndirilməsi işinə töhfə verdiyi qeyd olunub.
Söhbət zamanı əməkdaşlığımızın müxtəlif istiqamətlərdə, o cümlədən enerji, infrastruktur, sərmayə qoyuluşu, yükdaşımaları, mədəni, humanitar və digər sahələrdə perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Görüşdə, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə toxunularaq münaqişələrin beynəlxalq hüquq normalarına uyğun şəkildə və ərazi bütövlüyü çərçivəsində həll olunmasında ölkələrimizin mövqeyinin üst-üstə düşdüyü vurğulanıb.
R.Babayev