2015-ci ilin I rübündə Azərbaycanda qızıl hasilatı 534,6 kq təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 52% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Cari ilin I rübündə Azərbaycanda həmçinin 18,6 kq gümüş hasil edilib (azalma 84,6%).
Hasil olunan qızıl və gümüş emala göndərilib.
Xəbər verildiyi kimi, 2014-cü ildə Azərbaycanda 1872,5 kq qızıl və 239,3 kq gümüş hasil olunub.
Hazırda Azərbaycanda qızıl və gümüş 1997-ci il avqust ayının 21-də imzalanmış Production Sharing Agreement tipli müqavilə çərçivəsində “Gədəbəy” yatağından hasil olunur. Müqavilə 6 yatağın – Naxçıvanda 1, Gədəbəydə 2, hazırda erməni işğalı altında olan Kəlbəcər və Zəngilanda 3 yatağın işlənməsini nəzərdə tutur. Müqavilədə Azərbaycanın payı 51%, “Anglo Asian Mining PLC” şirkətinin payı 49% təşkil edir. “Gədəbəy” yatağından ilk qızıl hasilatına 2009-cu ildə, gümüş hasilatına 2010-cu ildə başlanıb.
Müqaviləyə görə, bu 6 yataqdan 400 ton qızıl, 2,5 min ton gümüş və 1,5 min ton mis hasilatı planlaşdırılır.
N.Abbasova