2015-ci ilin I rübündə Azərbaycanın sənaye sahəsinə investisiya qoyuluşları ötən ilin analoji dövrü ilə müqayisədə 16,6% - 1 mlrd. 684,2 mln. manatadək artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Statistik məlumatlara əsasən, cari ilin yanvar-mart aylarında Azərbaycan iqtisadiyyatına bütün investisiya qoyuluşlarının 52,1%-i sənaye sahəsinə yönəldilib.
Hesabat dövründə mədənçıxarma sənayesinə investisiya qoyuluşları 1 mlrd. 528,9 mln. manat (artım 20,8%) təşkil edib.
Emal sənayesinə 23,1 mln. manat (azalma 32,7%) həcmində investisiya qoyulub.
Elektrik enerjisi, qaz istehsalı və bölüşdürülməsi sahəsinə 23,9 mln. manat (azalma 63,7%), su təchizatı, tullantıların təmizlənməsi və emalı sahəsinə 108,3 mln. manat (artım 38,8%) investisiya qoyulub.
Bundan başqa, yanvar-mart aylarında nəqliyyat və anbar təsərrüfatı sahəsinə 227,3 mln. manat (artım 84%), rabitə və informasiya sahəsinə 104 mln. manat (artım 3,8 dəfə) dövlət idarəçiliyi, müdafiə və icbari sosial təminat sahəsinə 140,3 mln. manat (azalma 42,7%), təhsil sahəsinə 45,2 mln. manat (azalma 47,8%) investisiya qoyuluşu həyata keçirilib.
2015-ci ilin yanvar-mart aylarında yaşayış evlərinin tikintisi sahəsinə 255,1 mln. manat (dəyişməyib) investisiya qoyulub.
Qalan investisiyalar iqtisadiyyatın digər sektorlarının payına düşüb.
A.Axundov