Amerika Birləşmiş Ştatlarının Azərbaycana yeni təyin olunan səfiri Robert Sekuta ilk səfərini qərb bölgəsinə edib. Bu barədə İnterfax-Azərbaycan agentliyinin regional bürosu xəbər verir.
Azərbaycan Respublikasının Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin – ANAMA-nın Göygöl Regional Təlim Bazasında olan səfirə texniki baza barədə məlumat verilib, Robert Sekuta daxili qoşunlar üçün bölmələrin təlim prosesini müşahidə edib. Təlim Keyfiyyət Nəzarət Qrupu tərəfindən təqdimata baxıb. Səfir minatəmizləyənlərin çöl əməliyyatına baxıb.
Ardından Gəncəyə gələn Robert Sekuta Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevlə görüşüb. İcra başçısı Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin sənaye potensialı, mədəniyyəti, şəhərdə aparılan abadlıq-quruculuq işləri haqqında məlumat verib. ABŞ səfiri isə çıxışı zamanı səmimi qarşılanmaya görə təşəkkür edib və bildirib ki, şəhərdə aparılan quruculuq işləri onda xoş təəssürat yaradıb. Çünki Gəncə müasirləşməsi zamanı qədimliyini də qoruyub saxlayıb.
Robert Sekuta ADAU-da və Gəncədə məcburi köçkünlər üçün salınan şəhərcikdə də olacaq.