Azərbaycan Respublikası Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidməti (MMX) və Makedoniya Respublikasının Maliyyə Kəşfiyyatı Ofisi arasında “Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidməti və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi ilə əlaqədar maliyyə məlumatlarının mübadiləsi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu” imzalanıb. Bu barədə MMX-nin məlumatında qeyd edilir.
Memorandum Strasburq şəhərində Avropa Şurasının Pulların Yuyulmasına və Terrorçuluğun Maliyyələşdirilməsinə qarşı Tədbirlərin Qiymətləndirilməsi üzrə Ekspertlər Komitəsinin (MONEYVAL) 47-ci plenar iclası çərçivəsində imzalanıb.
Sənədi Maliyyə Monitorinqi Xidmətinin direktoru Adışirin Qasımov və Makedoniya Respublikasının Maliyyə Kəşfiyyatı Ofisinin direktoru Vladimir Atanasovski imzalayıblar.
Maliyyə Monitorinqi Xidməti 2009-cu ildə yaradılıb və terrorçuluğun maliyyələşdirilməsi və çirkli pulların yuyulması ilə mübarizə sahəsində mərkəzi orqandır.
MMX terrorçuluğun maliyyələşdirilməsi, cinayət yolu ilə əldə edilən pul vəsaitləri və ya digər əmlakın leqallaşdırılmasına qarşı mübarizə sahəsində vəziyyəti öyrənir, bu sahədə təhlillər aparır, təklif və tövsiyələr hazırlayır. Bundan başqa, xidmətin vəzifələrinə monitorinqi keçirilməli olan əməliyyatların aşkar edilməsi üçün meyarların (xüsusi indikatorların) müəyyən olunması daxildir. Xidmət bu istiqamətdə qanun pozuntuları haqqında məlumatlar üçün statistik formanı müəyyən edir; aparılan təhlillər və monitorinqlər əsasında məlumatları Milli Təhlükəsizlik Nazirliyinə təqdim edir; mərkəzləşdirilmiş elektron-informasiya sistemini təşkil edir.
A.Axundov