Azərbaycan Avropa Hərəkatı (AAH) erməni lobbisinin qondarma “erməni soyqırımı”nın tanınması məqsədilə həyata keçirdiyi siyasətə etiraz olaraq aprelin 21-də Bakının mərkəzində “Soyqırım iddiası düşmənçilik yaradır!” şüarı ilə dinc mitinq keçirəcək. Bu barədə AAH-nin qəbul etdiyi bəyanatda deyilir.
Sənədin müəllifləri vurğulayırlar ki, 1915-ci ildə Osmanlı imperiyasında baş verən hadisələrin “soyqırımı” kimi tanınması ilə bağlı erməni tərəfinin çağırışları sülh prosesinə zərbə vurur.
Müraciətdə qeyd edilir ki, Azərbaycan Avropa Hərəkatı müxtəlif xalqların yaxınlaşması məqsədi ilə erməni, türk, gürcü, azərbaycanlıların iştirakı ilə layihələr reallaşdırır və tədbirlər təşkil edir.
“Təəssüflə qeyd etmək istərdik ki, tarixi prosesləri siyasi ritorikaya daşıyan qüvvələr həyata keçirmək istədiyimiz barış prosesinə əngəl törədir. Əgər Birinci Dünya müharibəsi zamanı baş verənləri soyqırım kimi xarakterizə etsək, erməni xalqına qisasçılıq hissi aşılamış olarıq”, - deyə sənəddə vurğulanır.
Müraciətin müəllifləri hesab edirlər ki, 1915-ci il hadisələri siyasətçilər tərəfindən deyil, tarixçilər tərəfindən araşdırılmalıdır.
“Əks təqdirdə soyqırım iddiası düşmənçilik yaradır, Ermənistan-Türkiyə sərhədlərinin bağlı qalmasına xidmət edir, münaqişədə maraqlı olan tərəflərin lehinə işləyir”, - deyə sənəddə qeyd olunur.
Azərbaycan Avropa Hərəkatı vurğulayır ki, Roma Papası I Fransiskin qondarma “erməni soyqırımı”nı tanıması fədakar sülhpərvər insanların fəaliyyətinə neqativ təsir göstərir.
“Biz sülhsevər insanları, barış naminə birləşməyə, tarixi hadisələrə deyil, gələcəyə istiqamətlənən mesajlar verməyə, insanlığın təntənəsi üçün dialoq istiqamətində fəaliyyətləri daha da genişləndirməyə çağırırıq”, - deyə Avropa Birliyi, ABŞ, Vatikan və digər Qərb dövlətləri ilə yanaşı, beynəlxalq təşkilatlara da göndərilən bəyanatda deyilir.
R.Babayev