Milli Məclisin spikeri Oqtay Əsədov MDB Parlamentlərarası Assambleya (PA) Şurasının Böyük Vətən müharibəsində Qələbənin 70 illiyinə həsr olunmuş iclasında iştirak edəcək.
“Milli Məclisin spikeri Oqtay Əsədov cümə axşamı MDB PA Şurasının Böyük Vətən müharibəsində Qələbənin 70 illiyinə həsr olunmuş plenar iclasında iştirak edəcək”,- deyə parlamentin mətbuat xidmətinin rəhbəri Akif Nəsirov çərşənbə günü brifinqdə bildirib.
Onun sözlərinə görə, Milli Məclisin spikeri MDB ölkələrinin parlament sədrləri ilə bir sıra görüşlər keçirəcək.
Şura üzvləri onlarla aktual məsələni nəzərdən keçirəcək, PA tərəfindən hazırlanmış sənədləri müzakirə edəcək və məruzələri dinləyəcəklər.
Böyük Vətən müharibəsində Qələbənin 70 illiyi münasibəti ilə işlənib hazırlanmış iki model qanun PA-nın plenar iclasına təqdim ediləcək. Bunlar “Vətənin müdafiəsi uğrunda həlak olanların xatirəsinin əbədiləşdirilməsi haqqında” və “Vətənpərvərlik tərbiyəsi haqqında” qanunlardır.
MDB PA Böyük Vətən müharibəsində Qələbənin 70 illiyi münasibəti ilə bir sıra tədbirlər, o cümlədən “Xatirə estafeti” adlı genişmiqyaslı aksiya keçirir.
R.Babayev