Maliyyə Nazirliyinin nümayəndə heyəti 27 aprel 2015-ci il tarixində Pekində (Çin Xalq Respublikası) keçiriləcək Asiya İnfrastruktur İnkişaf Bankının (AİİB) təsis müzakirələrində iştirak edəcək. Bu barədə nazirliyin məlumatında qeyd edilir.
Məlumatda vurğulanır ki, AİİB-nin yaradılmasına dair memorandum imzalayan bütün ölkələr Azərbaycanın banka təsisçi üzv kimi qoşulmasını təsdiqləyiblər.
Bununla əlaqədar Azərbaycan bankın yaradılmasına dair danışıqlar prosesində iştirak edə bilər.
Xəbər verildiyi kimi, Azərbaycan hökuməti Asiya regionunun infrastruktur inkişafının artmaqda olan maliyyə ehtiyaclarının təmin edilməsi məqsədilə yaradılacaq yeni maliyyə institutunun təsisçi üzvü olmağa hazırdır.
2014-cü il oktyabrın 24-də Pekində bankın təsis edilməsinə dair saziş bağlanıb və bu sazişi 21 ölkə - Çin, Hindistan, Tayland, Malayziya, Sinqapur, Filippin, Pakistan, Banqladeş, Bruney, Kamboca, Qazaxıstan, Küveyt, Laos, Myanma, Monqolustan, Nepal, Oman, Qətər, Şri-Lanka, Özbəkistan və Vyetnam imzalayıb.
Hələ 2013-cü ildə infrastruktur layihələrinin maliyyələşdirilməsi məqsədilə bankın yaradılması planları barədə elan edən Çin bir çox ölkəyə ona qoşulmağı təklif edib. Çin 2015-ci ilin sonuna kimi bankı işə salmaq niyyətindədir.
Bankın elan edilmiş kapitalı $100 mlrd., abunə kapitalı $50 mlrd. təşkil edəcək.
A.Əzizov