Bakı Ali Neft Məktəbi (BAMN) üç istiqamət üzrə ISO beynəlxalq sertifikatına sahib olub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə BANM-dən məlumat verilib.
BANM Türk Standartları İnstitutunun (TSİ) auditorlarının apardığı beynəlxalq standartların tətbiqinə dair qiymətləndirmə tədbirlərinin nəticəsi olaraq ISO-nun üç istiqaməti üzrə - ISO 9001 “Keyfiyyət idarəetmə Sistemi”, ISO 14001 “Ekologiya idarəetmə sistemi”, OHSAS 18001 “Əməyin mühafizəsi və təhlükəsizlik texnikası idarəetmə sistemi” beynəlxalq sertifikatlara sahib olub.
Sertifikatların təqdimetmə mərasimində SOCAR-ın Kadr, Rejim və İnformasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov, Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun, Türkiyə Standartları İnstitutunun baş katibinin müavini Coşqun Şəntürk, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Yaqub Piriyev, TSİ-nin Azərbaycandakı təmsilçisi Səlim Çələbi, BANM-in rəhbərliyi və professor-müəllim heyəti iştirak ediblər.
İclası açan BANM-in rektoru Elmar Qasımov deyib ki, Bakı Ali Neft Məktəbinin əsas missiyası milli qanunvericiliyə uyğun olaraq, vətənpərvərlik və dövlətçilik prinsiplərinə əsaslanaraq, dünyada tətbiq olunan beynəlxalq standartların tələbləri səviyyəsində tədris prosesini həyata keçirməkdir. O bildirib ki, BANM-in fəaliyyətində sağlamlıq, əməyin mühafizəsi və ətraf mühitin mühafizəsinin təmin edilməsi ilə yüksək keyfiyyət göstəricilərinə nail olmaq istiqamətində bütün tədbirlər görülməkdədir.
SOCAR-ın Kadr, Rejim və İnformasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov Ali Məktəbdə aparılan işləri yüksək qiymətləndirib və görülən işlərin ölkənin beynəlxalq standartlara uyğun savadlı və yüksək ixtisaslı kadrlara olan tələbatını ödəyəcəyinə əminlik ifadə edib.
Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun BANM-in fəaliyyətinin beynəlxalq sahədə yüksək səviyyədə olmasını vurğulayaraq, gələcəkdə bu amilin ali məktəbi dünyanın ən qabaqcıl universitetlərindən birinə çevirəcəyini qeyd edib.
Türk Standartları İnstitutunun (TSİ) baş katibinin müavini Coşqun Şəntürk BANM-in qısa müddətdə beynəlxalq standartların tətbiqinə dair uğurlu fəaliyyətini alqışlayıb və təmsil etdiyi qurum tərəfindən BANM-ə beynəlxalq sertifikatların verilməsinə görə fəxr hissi keçirdiyini bildirib.
Azərbaycan Respublikası Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Yaqub Piriyev öz çıxışında əmək bazarının tələblərinə uyğun kadrların hazırlanması istiqamətində BANM-in öncüllərdən biri olduğunu vurğulayıb. O qeyd edib ki, bu standartlara sahib olmaq gələcəkdə BANM-in məzunlarının iş imkanlarını daha da asanlaşdıracaq.
Türk Standartları İnstitutunun (TSİ) Azərbaycandakı təmsilçisi Selim Çələbi ali məktəbdə olan idarəetmə sisteminin, tədris prosesinin təşkilinin müasir tələblərə və standartlara uyğun olduğunu xüsusi olaraq qeyd edib.
A.Zeydullayeva