Bu gün prezident İlham Əliyev Bakı Metropolitenində olub. Dövlət başçısı paytaxta gətirilən yeni metro qatarlarında yaradılan şəraitlə maraqlanıb. Bu barədə AzTV dövlət kanalının saytında məlumat verilir.
“Bakı Metropoliteni” QSC-nin sədri Zaur Hüseynov dövlət başçısına məlumat verib ki, metropolitenin qatar parkının yenilənməsi məqsədi ilə dəmir yolu infrastrukturunda dünyada aparıcı mövqe tutan və böyük nüfuza malik olan “Metrovaqonmaş” SC-nin səhmlərinin 25 faizinin sahibi Fransanın “Alstom” şirkəti ilə ötən il memorandum imzalanıb.
Həmin memorandumun şərtlərinə uyğun olaraq bu şirkətlə “Bakı Metropoliteni” arasında bağlanan müqaviləyə əsasən 5 vaqondan ibarət 3 qatar tərkibinin alınması nəzərdə tutulub.
Artıq iki qatar tərkibi paytaxta gətirilib. Bu nəsil qatarların idarəedilməsi mikroprosessor əsasında həyata keçirilir.
Yeni nəsil vaqonlarda soyutma, havalandırma və isitmə rejimlərində çalışan klima sistem quraşdırılıb. Vaqonların salonunda “hərəkətli sətir” sistemi və təhlükəsizliyin təmin edilməsi üçün müşahidə kameraları qoyulub.
F.İsazadə