“Azərkosmos” ASC “Bakı-2015” Birinci Avropa Oyunlarının “Azerspace-1” peyki üzərindən rəsmi yayımçısı oldu. Bu barədə cəmiyyətin məlumatında deyilir.
Xəbər verildiyi kimi, Birinci Avropa Oyunları 12-28 iyun 2015-ci il tarixlərində keçiriləcək. Oyunlar 20 idman növünü əhatə edəcək. Bunlardan 16-sı Olimpiya idman növü olacaq.
12 idman növü üzrə yarışlar 2016-cı il Rio de Janeyro Yay Olimpiya Oyunları üçün təsnifat xarakteri daşıyacaq. Bunlar kamandan oxatma, yüngül atletika, çimərlik voleybolu, velosiped idmanı, atıcılıq, üzgüçülük, stolüstü tennis, taekvondo və triatlon idman növləridir. Yarışlarda 49 ölkədən 6 mindən çox idmançı iştirak edəcək. Yarışlar 1 milyona yaxın tamaşaçının izləyəcəyi gözlənilir.
Avropa Oyunlarında 253 dəst medal uğrunda mübarizə aparılacaq.
“Azərkosmos” ASC 2010-cu ildə telekommunikasiya peykinin orbitə çıxarılması, idarə olunması və istismar işlərinin həyata keçirilməsi üçün yaradılıb.ASC-nin nizamnamə kapitalı 40 mln. manat təşkil edir. Müəssisənin bütün səhmləri dövlətin mülkiyyətindədir. Onun funksiyalarına peykin orbitə çıxarılması, telekommunikasiya xidmətlərinin göstərilməsi, xidmətlər almaq üçün sığorta şirkətlərinin seçiminin aparılması, kosmik (peyk) operatorlarla əməkdaşlığın qurulması, bu istiqamətdə müxtəlif tədqiqatların aparılması daxildir.
Azerspace-1” peyki 2013-cü il fevralın 9-da Kuru kosmodromundan (Cənubi Amerikanın şimal-şərqində, Fransa Qvianasında - İF) orbitə buraxılıb. “Azərkosmos” ASC peykin istismarından $420 mln. xalis mənfəət əldə edilməsini gözləyir.
N.Abbasova