2015-ci ilin I rübündə Azərbaycanda bütün növ nəqliyyat vasitələri ilə yük daşımalarının həcmi 50 mln. 427,4 min ton təşkil edib ki, bu da 2014-cü ilin analoji dövrünün göstəricisindən 2,6% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Statistik məlumatlara əsasən, 2015-ci ilin I rübündə qeyri-neft yük daşımalarının həcmi 2,8% - 33,9 mln. tona qədər artıb.
Yük daşımalarının strukturunda 75,6% qeyri-dövlət nəqliyyat müəssisələrinin, 24,4% dövlət sektorunun payına düşüb. Bununla yanaşı, 2015-ci ilin birinci rübündə qeyri-dövlət nəqliyyat müəssisələri tərəfindən yük daşımalarının həcmi 2014-cü ilin analoji dövrü ilə müqayisədə 5,3% artıb.
Hesabat dövründə dəmir yolu ilə 4 mln. 791 min ton (tranzit yüklər daxil olmaqla) yük daşınıb ki, bu da 2014-cü ilin analoji dövrünün göstəricisindən 2,5% azdır.
Cari ilin birinci rübündə dəniz nəqliyyatı ilə 1 mln. 979 min ton (azalma 17,9%), avtomobil nəqliyyatı ilə 27 mln. 384,3 min ton (artım 5,6%), hava nəqliyyatı ilə 25,2 min ton (artım 65,8%) müxtəlif yük daşınıb.
Hesabat dövründə daxili neft kəmərləri vasitəsilə 11 mln. 720,8 min ton neft (artım 2,3%) nəql olunub. Bununla yanaşı, nəqlin bütün həcminin 77,9%-i və ya 9,1 mln. ton Bakı-Tbilisi-Ceyhan neft kəmərinin payına düşüb. 2015-ci ilin yanvar-mart aylarında BTC neft kəməri ilə 1,9 mln. ton Türkmənistan nefti nəql olunub.
Nəqlin qalan həcmi magistral qaz kəmərlərinin payına düşüb.
N.Abbasova