Azərbaycanın işğal edilmiş torpaqlarında Ermənistan ordusunun təlimlərə başlaması regionda gərginliyin artmasına xidmət edir. Belə bəyanatla Xarici İşlər Nazirliyinin məbuat katibi Hikmət Hacıyev çıxış edib.
“Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş torpaqlarda növbəti təxribatçı təlimlərin keçirilməsi işğal və təcavüzə əsaslanan status-kvonun saxlanmasına xidmət edir və regionda gərginliyin artmasına yönəlib”,- deyə H.Hacıyevin bəyanatında bildirilir.
Onun sözlərinə görə, bu təlimlər güc tətbiq edilməsinin təzahürüdür və güc tətbiq edilməsi təhlükəsindən xəbər verir.
“May ayında Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan tərəfindən yaradılmış qondarma rejimə keçirilməsi nəzərdə tutulan qanunsuz “parlament seçkiləri” də Ermənistanın siyasi-hərbi təxribat əməllərinin növbəti tərkib hissəsidir”,- deyə H.Hacıyev qeyd edib.
Onun sözlərinə görə, Ermənistan tərəfi ATƏT-in Minsk Qrupu tərəfindən dəstəklənən Böyük sülh sazişi üzərində işə başlamaq əvəzinə hərbi-siyasi təxribatlar vasitəsi ilə danışıqlar prosesinə xələl gətirir. Diplomat münaqişənin sülh yolu ilə həlli və regionda sülh və sabitliyin bərqərar olması üçün Ermənistan qoşunlarının işğal olnmuş Azərbaycan torpaqlarından çıxarılmasının vacibliyini vurğulayıb.
Y.Əliyev