Ötən şənbə günü Bakıda “İnterfaks-Azərbaycan” agentliyinin müxbiri Rasim Babayevin “Заговор пластиковых ведьм” adlı romanının təqdimatı keçirilib.
Təqdimat mərasimində tanınmış sovet və Azərbaycan ssenari müəllifi və kinorejiossoru Ramiz Fətəliyev iştirak edib.
“Belə alındı ki, bu gün təqdimatında iştirak etdiyimiz kitabın ərsəyə gəlməsi prosesinin şahidi oldum. İştirakçısı yox, məhz şahidi. Müəllif əvvəlcə fikirləri, sonra isə süjet xətti ilə bölüşdü. Bir neçə fraqmentləri oxumaq üçün verdi. Mənim tərəfimdən heç bir düzəliş, müdaxilə, məsləhət olmayıb. İşin gedişatı xoşuma gəlirdi”, - deyə kinodramaturq qeyd edib.
R.Fətəliyevin sözlərinə görə, iş prosesində kitabın müəllifi bir qədər büdrəyib.
“Pauza yarandı. Mənə elə gəldi ki, müəllif əminliyini itirir. Bu, çoxlarının başına gəlir. Bir zamanlar mən də eyni vəziyyəti yaşamışam. Çalışdım ki, bu əminliyi bərpa edim. Bəzən bu, çox asanlıqla alınır. Büdrəyirsən. Onu bərpa etməyin üsulları çoxdur, ən sadə olanı - yaxınlaşmaq və itələməkdir. İndiki halda bu üsul kifayət etdi. Bir daha büdrəmə olmadı”, - deyə kinorejissor bildirib.
Onun sözlərinə görə, “Заговор пластиковых ведьм” romanında şablon vəziyyətlər və hazır qərarlar yoxdur.
“Bu kitab kurort əsəri, yüngül gəzinti deyil, yalnız kitabın qəhrəmanlarının deyil, həm də oxucuların çxış axtardıqları labirintdir. Fikrimcə, macəra ədəbiyyatının məğzi məhz bundadır. Və sonda qeyd edim ki, müəllifin digər üstünlüklərdən başqa, həm də çox məsuliyyətli qələmi var. Nə yazmasından, toxunduğu mövzulardan asılı olmayaraq, istər korrida, istər sualtı dünya, istərsə də ağır rok olsun – o, ya onları artıq bilir, ya da kitab üzərində işləyərkən təfərrüatı ilə öyrənib. Bu, hər zaman hörmət doğurur”, - deyə R.Fətəliyev vurğulayıb.
“Заговор пластиковых ведьм” romanı Avropaya səyahət edən və oğurlanaraq zirzəmidə saxlanılan üç gənc azərbaycanlı qızın macəralarından bəhs edir. Kitabda qızların və Parisdə onları qaçıran şəxsin obrazları təfərrüatı ilə verilir.
Roman adi detektiv, macəra hekayəsi deyil, baş qəhrəmanların həyat dramıdır. Oxucu onun dərinliyini son səhifəyə çatdıqdan sonra hiss edəcək.
Kitabın qəhrəmanları böyük ağ akulanın hücumuna məruz qalırlar, tanışlarından birinin qurduğu tələyə düşürlər, peşəkar qatilin əlindən möcüzəvi şəkildə qurtulurlar. Həmçinin romanda təyyarənin qəzaya uğraması, yaxtada partlayış, bank hesablarından bir neçə milyon dolların oğurlanması təsvir edilib. “Заговор пластиковых ведьм” romanında rok mədəniyyətinə və ağır metal üslubunda musiqi ifa edən dünyaca məşhur qurplara xüsusi yer ayrılıb.
Hazırda R.Babayev “Утилизатор” adlı roman üzərində çalışır.