Nazirlər Kabineti dövlət orqanlarının göstərdiyi elektron xidmətlərin siyahısını genişləndirib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Nazirlər Kabinetindən məlumat verilib.
Qərara əsasən, daha iki xidmət növü: Çağrı Mərkəzi vasitəsilə “Sadələşdirilmiş verginin bəyannaməsi”nin təqdim edilməsi və gəlir və ya mənfəət vergisinin hesabatının verilməsi müddətinin uzadılması barədə ərizələrin qəbulu elektron xidmətlər siyahısına daxil edilib.
Bu qərar Vergilər Nazirliyinin Ədliyyə Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə razılaşdırılmış təklifinə əsasən qəbul edilib.
A.Axundov