Azərbaycanın Efiopiya Federativ Demokratik Respublikasındakı səfiri Elman Abdullayev və Efiopiyanın təhsil naziri Şifera Şiquti əməkdaşlıq perspektivlərini müzakirə ediblər. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycanın bu ölkədəki səfirliyindən məlumat verilb.
Görüş zamanı əməkdaşlıq perspektivləri müzakirə edilib, həmçinin bu əlaqələrin genişləndirilməsi üçün böyük potensialın mövcud olduğu bildirilib.
Görüş iştirakçıları təhsil sahəsində əməkdaşlığın inkişafı üçün hüquq-müqavilə bazasının möhkəmləndirilməsinin vacibliyini də vurğulayıblar.
E.Abdullayev Azərbaycanın təhsil ocaqlarında dünyanın bir çox ölkələrindən, o cümlədən Afrika ölkələrindən tələbələrin təhsil aldığını qeyd edib. O, Azərbaycanla Afrika ölkələri arasında təhsil sahəsində əməkdaşlığın SSRİ dönəmindən möhkəm təməlinin olduğunu vurğulayıb.
Bununla yanaşı, səfir Azərbaycanda gənclərin xaricdə təhsil proqramının uğurla həyata keçirilməsi barədə məlumat verib.
Öz növbəsində Ş.Şiquti ölkəsinin Azərbaycanla təhsil sahəsində əməkdaşlığın inkişafında maraqlı olduğunu qeyd edib.
A.Zeydullayeva