Bu gün “Shamkir Chess 2015” turnirində ilk turun oyunları keçirilir. Bu barədə İnterfax-Azərbaycan agentliyinin regional bürosu xəbər veir.
Rəmzi olaraq şahmat taxtası üzərində ilk gedişi Vüqar Həşimovun bacısı qızı edib. Birinci turda son dünya çempionu norveçli Marnus Karlsen və vitse-dünya çempionu hindistanlı Vişvatan Anand üz-üzə gəlir. İlk turun başqa bir maraqlı qarşılaşmasında digər sabiq dünya çempionu Vladimir Kramnik ingilis Maykl Adamsın zəkasını yoxlayır. Turnirin ən gənc şahmatçısı adına sahib olan Aniş Qirinin rəqibi Uesli Sodur. Azərbaycanlı şahmatçılar Şəhriyar Məmmədyarov Fabiano Karuana, Rauf Məmmədov isə Maksim Vaşye Laqravla güclünü ayırd edir.
“Yarşda iştirak edən şahmatçıların keyfiyyət tərkibi baxımından turnir ən güclülərdəndir. Digər tərəfdən iştirakçıların Şəmkirə və yerli şahmat ənənəsinə sevgisi var. Ona görə də dünyaca tanınmış şahmatçılar bura gəlməkdən imtina etməyiblər” – deyə FİDE prezidenti Kirsan İlyumjinov bildirib.
Mərhum Azərbaycan şahmatçısı Vüqar Həşimovun xatirəsinə həsr olunan “Shamkir Chess 2015» superturnirinin mükafat fondu 100 min avrodur. 10 gün ərzində davam edəcək Azərbaycanı dünyanın şahmat mərkəzinə çevirəcək yarışa aprelin 26-da yekun vurulacaq. İkinci dəfədir təşkil olunan turnirdə 10 şahmatçı zəkasını yoxlayacaq.