Bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində erməni hərbi qulluqçu Arsen Baqdasaryanın cinayət işi üzrə növbəti məhkəmə baxışı keçirilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosu xəbər verir.
Hakim Elbəy Allahverdiyevin sədrliyi ilə baş tutan prosesdə bu dəfə zərərçəkənlər və şahidlər dindirilib.
Zərərçəkənlər və şahidlər ifadələrində bildiriblər ki, Arsen Baqdasaryan əsir düşərkən hərbi deyil, mülki geyimdə olub. Arsendən başqa, daha iki nəfər də olub və onlar minaları səngərə basdırdıqdan sonra geri qaçmağa müvəffəq olublar. Arsen Baqdasaryan əsir düşərkən özünü Armen Qriqoryan kimi təqdim edib. Lakin dindirmə zamanı Arsen Baqdasaryan olduğunu bildirib. Əsir götürülən zaman heç bir zorakılığa məruz qalmayıb.
Cinayət işinin materiallarına əsasən, Ermənistanda xüsusi təlim keçmiş Arsen Eduardoviç Baqdasaryan iki hərbçi yoldaşı ilə birgə 2014-cü il dekabrın 26-da Ağdam rayonu istiqamətində qoşunların təmas xəttini gizli olaraq keçib. Onlar özləri ilə götürdükləri 7 ədəd “fuqas” tipli piyada əleyhinə minadan 3 ədədini Azərbaycan Silahlı Qüvvələrinin müdafiə mövqelərində yerləşdirə biliblər. A.Baqdasaryan geri qayıtmaq istəyərkən Ağdam rayonunun Zəngişalı kəndi ərazisində tutulub. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12 maddəsi ilə ittiham olunan erməni diversant təqsirini boynuna alıb.
Erməni diversantın cinayət işi üzrə növbəti məhkəmə iclası aprelin 27-nə təyin edilib.
F.Mehdiyev