İnkişaf etməkdə olan ölkələrin alimlərinin Elmi Tədqiqatlarda İştirakı Proqramı (RTF-DCS) üzrə 2015-2016-cı illər üçün elan olunan müsabiqədə Azərbaycan alimlərinin iştirakı təklif olunur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) mətbuat xidmətindən məlumat verilib.
AMEA-nın Elmi İnnovasiyalar Mərkəzinin ünvanına Hindistanın Elm və Texnologiya Mərkəzinin məktubu daxil olub.
Hindistanın Elm və Texnologiya Mərkəzinin təşəbbüsü ilə keçirilən RTF-DCS Proqramı bu ölkə hökumətinin Elm və Texnologiya Nazirliyinin Elm və Texnologiya Departamenti tərəfindən maliyələşdirilir.
50 nəfərin iştirakı ilə 6 ay müddətinə nəzərdə tutulan bu proqram kənd təsərrüfatı, biologiya və tibb elmləri, kimya elmləri, fizika-riyaziyyat elmləri, yer elmləri, texnika elmləri, materiallar, minerallar və metallurgiya və digər sahələr üzrə həyata keçiriləcək.
Müsabiqədə yaşı 40-dək olan aspirantlar, elmi işçilər, mühəndislər, texnoloqlar iştirak edə bilərlər.
İştirakçının ərizəsi iyunun 15-dək online təqdim olunmalıdır.
A. Zeydullayeva