Maliyyə Nazirliyi 2016-cı ildə avroda avrobondlar buraxa bilər. Bu barədə maliyyə naziri Samir Şərifov bazar ertəsi mətbuat konfransında bildirib.
“Hazırkı bazar konyunkturası əlverişli deyil. Yəqin ki, biz bunu gələn il edəcəyik”, - deyə nazir qeyd edib.
Nəzərdə tutulan yerləşdirmənin həcminə gəlincə, o deyib ki, bu, bazarda tələbdən asılıdır.
“Avroda avrobondların buraxılışı dollarda olduğu kimi böyük həcmdə olmayacaq, çünki avroda borc bazarı dollar bazarından daha dar bazardır. Bu səbəbdən əgər yerləşdirməyə dair qərar qəbul edilsə, həcm 0,5 mlrd. avrodan aşağı olmayacaq”, - deyə S.Şərifov bildirib.
Xəbər verildiyi kimi, 2014-cü ildə Maliyyə Nazirliyi $1,25 mlrd. həcmində debüt avrobond yerləşdirib. 10 illik tədavül müddətinə malik avrobondlar illik 5% dərəcəsi ilə yerləşdirilib.
160-dan çox ölkənin institusional investorları Maliyyə Nazirliyinin avrobondlarını əldə etməyə maraq göstərib. Bununla yanaşı, investorlar tərəfindən təqdim edilmiş sifarişlərin sayı emissiya həcmini 4 dəfə üstələyib.
Yerləşdirmənin nəticələrinə görə, avrobondların 47%-ni ABŞ, 25%-ni Böyük Britaniya, 18%-ni Almaniya, 10%-ni digər ölkələrdən olan investorlar əldə ediblər.
A.Axundov