2015-ci ilin I rübündə Azərbaycan İpoteka Fondunun xətti ilə respublikanın 476 vətəndaşı ipoteka krediti alıb. Bu barədə fondun saytında dərc edilmiş məlumatda qeyd edilir.
AİF-in məlumatına əsasən, 1 aprel 2015-ci il tarixinə verilən kreditlərin ümumi sayı 16,318 min təşkil edir, cari ilin 1 yanvar tarixinə isə bu göstərici 15,842 min kredit olub.
2006-2015-ci illərdə AİF 580 mln. 730,610 min manat məbləğində ipoteka kreditini, o cümlədən 443 mln. 247,710 min manat məbləğində kommersiya ipoteka kreditini və 137 mln. 482,9 min manat məbləğində sosial ipotekanı təkrar maliyyələşdirib.
AİF 2005-ci ilin dekabrında yaradılıb və 2006-cı ilin martında ipoteka kreditlərinin verilməsinə başlayıb. Azərbaycanda sosial ipotekanın verilməsinə 2007-ci ildən başlanılıb və 6 ay davam edib. AİF 2009-cu il iyunun 1-dən 30 agent bank vasitəsilə kommersiya şərtləri ilə ipoteka kreditlərinin verilməsi prosesini bərpa edib. Kommersiya şərtləri ilə ipoteka kreditləri dövlət büdcəsi vəsaitlərinin hesabına deyil, fondun öz istiqrazlarını buraxmasından cəlb etdiyi vəsaitlər hesabına verilir.
Kommersiya şərtləri ilə ipoteka kreditləri manatla və yalnız Azərbaycan vətəndaşlarına verilir. Kreditlər 3 ildən 25 ilədək müddətə verilir. Kreditin maksimum həcmi 50 min manatı keçməməlidir. Kredit illik 8%-dən çox olmayan dərəcə ilə verilir.
Dövlət büdcəsindən yalnız sosial ipoteka maliyyələşdirilir. Onun maksimal məbləği 50 min manat təşkil edir, illik faiz dərəcəsi 4%-dən çox deyil.
A.Əzizov