Mərhum Azərbaycan şahmatçısı Vüqar Həşimovun xatirəsinə həsr olunan “Shamkir Chess 2015” beynəlxalq turnirində 4-cü turun matçları keçirilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosu xəbər verir.
IV oyun günündə Azərbaycan şahmatçıları qara fiqurlarla mübarizə aparıblar.
İlk 3 turdan sonra aktivində cəmi 1 xalı olan Şəhriyar Məmmədyarov bu dəfə hollandiyalı Aniş Giri ilə üz-üzə gəlib. O, turnirdə 3-cü dəfə rəqibi ilə sülh bağlayıb. Yarışdakı digər təmsilçimiz Rauf Məmmədov isə lider Uesli So ilə qarşılaşıb və məğlub olub. Maykl Adams - Maqnus Karlsen, Maksim Vaşye-Laqrav - Fabiano Karuana, Vladimir Kramnik - Vişvanatan Anand görüşləri isə heç-heçə ilə nəticələnib.
Bu gün 5-ci tur çərçivəsində şahmatçılarımızdan Rauf Məmmədov Maykl Adamsın, Şəhriyar Məmmədyarov Vladimir Kramnikin zəkasını yoxlayacaq. Vişvanatan Anandla Uesli So, Fabiano Karuanayla Aniş Giri və Maqnus Karlsenlə Maksim Vaşye-Laqrav üz-üzə gələcək.
Hazırda turnir cədvəlinə 3.5 xalla Uesli So başçılıq edir. Onu 3 xalla Karlsen izləyir. 2.5 xala malik Kramnik 3-cü sıradadır. Aktivində 2 xal olan Anand, Məmmədov və Vaşye-Laqrav 4-cü və 6-cı yerləri bölüşürlər. Qiri, Məmmədyarov və Karuana 1.5 xalla 7-ci və 9-cu pillədə qərarlaşıblar.
Turnir cədvəlinin sonuncusu isə 1 xalı olan Maykl Adamsdır.
F.Mehdiyev