Dağlıq Qarabağın separatçı rejimi mayın 3-də keçiriləcək “parlament seçkiləri”nin onun legitimləşməsinə imkan yaradacağına əbəs yerə ümid edir. Dağlıq Qarabağın Azərbaycanlı İcmasının İdarə Heyətinin üzvü Mehdi Abdullayev belə hesab edir.
“Bu “seçkilər” separatçı rejimin heç bir halda qanuniləşməsi ilə nəticələnməyəcək. Onlar işğal olunmuş ərazilərdə və Dağlıq Qarabağın bütün əhalisinin iştirakı olmadan keçirilir. “Seçkilərdə” yalnız Azərbaycan torpaqlarını işğal edən və burada dövlət yaratdıqlarını güman edən məhdud kateqoriyalı şəxslər iştirak edirlər”, - deyə M.Abdullayev “İnterfaks-Azərbaycan” agentliyinə müsahibəsində bildirib.
“İstənilən halda beynəlxalq hüquqa əsaslanmayan və işğal olunmuş ərazilərdə keçirilən seçkilər qanuni hesab oluna bilməz”, - deyə o vurğulayıb.
Azərbaycan icmasının nümayəndəsi qeyd edib ki, Dağlıq Qarabağda qondarma “seçkilər” heç bir ölkə və beynəlxalq təşkilat tərəfindən tanınmır.
Müsahibənin tam mətni ilə http://interfax.az/view/637709 saytında tanış olmaq mümkündür.
F.Hüseynzadə