Aprelin 22-də Rusiya İnformasiya və Mədəniyyət Mərkəzində (RİMM) “Qadın tanrısı” adlı sənədli filmin premyerası olacaq. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə RİMM-dən məlumat verilib.
Sənədli film görkəmli alim, fantast yazıçı, həkim-ginekoloq, ömrünü Azərbaycanda səhiyyənin inkişafına həsr etmiş Fyodor Nikolayeviç İlyinə həsr olunub.
F.İlyin 1898-ci ildə Nikolayevsk Dəniz Akademiyasını bitirib. Varşavada artilleriya briqadasında həkim kimi xidmət keçməklə bərabər, Varşava Universitetində təcrübə keçib və burada doktorluq imtahanı verib.
Sonra o, Varşavadan Uzaq Şərqə göndərilib, burada Rusiya İmperator Donanmasının sərnişin və hərbi gəmilərində xidmət edib. Hərbi həkim rus-yapon müharibəsində, o cümlədən Port-Arturun müdafiəsində bilavasitə iştirak edib.
1906-cı ildə istefaya çıxıb və özünü təbabətə həsr edib. Mübaliğəsiz olaraq onu Sovet Rusiyasında, daha sonra Azərbaycanda mamalıq və ginekologiyanın banisi adlandırmaq olar.
F.İlyin 1920-ci ildə mütəxəssis həkimlərdən ibarət qrupun tərkibində Bakıya ezam olunub və ömrünün sonunadək burada qalıb.
O, yazıçı kimi də istedadını nümayiş etdirib, Teo Eli təxəllüsü ilə fantastik əsərlər yazıb.
F.İlyin 1959-cu ildə vəfat edib.
Film gənc azərbaycanlı kinorejissor Rauf Əliyev və RİMM-in əməkdaşı Dmitri Ponomaryov tərəfindən yaradılıb.
Filmin premyerasına Azərbaycanın tanınmış alimləri, həkimləri, Azərbaycan Dövlət Tibb Universitetinin müəllim və tələbələir dəvət olunublar.
A.Zeydullayeva