Braziliya multikulturalizm, etnik və irqi bərabərlik və dini tolerantlıq sahəsində Azərbaycanla əməkdaşlıq və təcrübə mübadiləsinə hazırdır. Bu barədə Braziliyanın İrqi bərabərlik siyasəti naziri Nilma Qomes Azərbaycanın Braziliyadakı səfiri Elnur Sultanovla görüş zamanı bəyan edib.
Azərbaycan səfirliyinin məlumatına görə, N.Qomes diplomata ölkəsinin irqi bərabərlik sahəsində yürütdüyü siyasət haqqında danışıb.
Öz növbəsində E.Sultanov Azərbaycanda müxtəlif xalqların və dinlərin əsrlər boyu sülh və əmin-amanlıq şəraitində yaşadığını bildirib.
O, N.Qomesə Azərbaycanda multikulturalizm sahəsində həyata keçirilən dövlət siyasəti barədə məlumat verib.
E.Sultanov, həmçinin Azərbaycan və Braziliya arasında siyasi, iqtisadi, mədəni sahələrdə əlaqələrin uğurla inkişaf etdiyini və əməkdaşlıq üçün daha geniş potensialın olduğunu vurğulayıb.
Bundan başqa, Azərbaycanın Efiopiyadakı səfiri Elman Abdullayev və Efiopiya patriarxı I Abune Matiyas arasında da əməkdaşlıq perspektivləri müzakirə edilib.
E.Abdullayev patriarxa Azərbaycanın multikulturalizm və dinlərarası dialoqun təşviq edilməsi istiqamətində həyata keçirdiyi beynəlxalq miqyaslı fəaliyyət barədə məlumat verib. Diplomat qeyd edib ki, Azərbaycan müxtəlif mədəniyyətlər arasında daim körpü rolunu oynayıb.
I Abune Matiyas Azərbaycanla Efiopiya arasında münasibətlərin inkişaf etdirilməsi üçün qarşılıqlı şəkildə səylərin davam etdirilməsinin vacibliyini vurğulayıb.
F.İsazadə