Türkiyə Ermənistanla barışmaq və dostluq münasibətləri qurmaq arzusundadır. Bu barədə çərşənbə axşamı Türkiyənin “Sabah” qəzeti xarici işlər naziri Mövlud Çavuşoğluya istinadən yazır.
“Biz nə bu il, nə də gələcəkdə bundan imtina edə bilmərik (Ermənistanla münasibətlərin normallaşmasından - İF)”, - deyə M.Çavuşoğlu Vaşinqtonda Amerika-Türkiyə Şurası qarşısında çıxışı zamanı bəyan edib.
O, Ermənistanla yaxşı münasibətlərin qurulmasında Türkiyənin səylərinin dəstəklənməsi xahişi ilə Şura üzvlərinə müraciət edib.
Bu ilin aprel ayında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 1915-ci il hadisələri zamanı həlak olan ermənilərin qohumlarına başsağlığı verib. Bu, Türkiyə ali rəhbərliyinin nümayəndəsinin bu cür sözlər səsləndirdiyi ilk haldır. M.Çavuşoğlunun sözlərinə görə, “bu böyük addım Ermənistan hökuməti tərəfindən cavabsız qalıb”.