İran və Azərbaycan müdafiə məsələləri üzrə birgə komissiyanın yaradılması ilə bağlı razılığa gəlib. Bu barədə çərşənbə axşamı İranın Bakıdakı səfiri Möhsün Pakayin mətbuat konfransında məlumat verib.
“İranın müdafiə nazirinin Azərbaycana səfəri çərçivəsində tərəflər müdafiə sahəsində birgə komissiyanın yaradılması barədə razılığa gəliblər. Komissiyaya hər iki ölkənin müdafiə nazirləri rəhbərlik edəcək”, - deyə M.Pakayin İranın müdafiə və silahlı qüvvələrə dəstək naziri Hüseyn Dehqanın Azərbaycana səfərinin yekunları üzrə qeyd edib.
Diplomatın sözlərinə görə, komissiyanın yaradılmasında məqsəd həm də sərhəd təhlükəsizliyi məsələləri üzərində birgə işləməkdən ibarətdir.
Bundan başqa, komissiya çərçivəsində hərbi-texniki əməkdaşlıq məsələləri nəzərdən keçiriləcək. M.Pakayin qeyd edib ki, H.Dehqanın səfəri zamanı regional əməkdaşlıq məsələləri də müzakirə olunub.
“Dini radikallıqla birgə mübarizəyə dair qərar qəbul edilib”, - deyə o bildirib.
Səfirin sözlərinə görə, H.Dehqanın Azərbaycana səfəri azərbaycanlı həmkarı Zakir Həsənovun dəvəti ilə baş tutub.
“İran və Azərbaycan arasında qarşılıqlı münasibətlərin yüksək səviyyəsini nəzərə alaraq, H.Dehqanın səfəri ikitərəfli əməkdaşlığın inkişafına töhfə verəcək. O, prezident İlham Əliyev, müdafiə naziri Zakir Həsənov və müdafiə sənayesi naziri Yavər Camalovla görüşlər keçirib”, - deyə o qeyd edib.
F.İsazadə