“Kaspersky laboratoriyası” Müşviq Məmmədovu şirkətin Azərbaycanda rəsmi nümayəndəsi təyin edib. Bu barədə şirkətin məlumatında deyilir.
“M.Məmədovun əsas vəzifəsi regionda şirkətin biznesinin inkişafı, eləcə də korporotiv və istifadəçilərin müdafiə həllərinin təşviqi üzrə strategiyanı işləyib hazırlamaq və həyata keçirməkdən ibarətdir”,- deyə məlumatda bildirilir.
M.Məmmədov şirkətin sifarişçiləri və tərəfdaşları, o cümlədən potensial tərəfdaşlarla sıx əlaqə quracaq. Rəsmi nümayəndə əsasən korporotiv müştərilər və dövlət müəssisələri ilə işə xüsusi diqqət ayıracaq.
O, Azərbaycanda şirkətin marketinq fəaliyyətinin dəstəklənməsini və koordinasiyasını təmin edəcək.
“Qafqazda biznesin inkişaf etdirilməsi “Kaspersky laboratoriyası” üçün prioritetlərdən biridir. Biz əminik ki, M.Məmmədovun sifarişçilərlə əməkdaşlıq təcrübəsi və satış prosesini idarəetmə sahəsində uğurları şirkətin Azərbaycandakı mövqelərini gücləndirməyə kömək edəcək”, - deyə məlumatda şirkətin Rusiya, Qafqaz və Orta Asiya ölkələri üzrə idarəedici direktoru Sergey Zemkova istinadən bildirilir.
S.Zemkovun sözlərinə görə, ölkədə regional nümayəndənin olması şirkətə yerli bazarda vəziyyətə daha yaxşı bələd olmağa, eləcə də azərbaycanlı müştəri və tərəfdaşların sorğularına daha operativ reaksiya göstərməyə imkan verəcək.
M.Məmmədov İT sahəsində karyerasına 10 il əvvəl başlayıb. O, “Kaspersky laboratoriyası”nın Azərbaycandakı rəsmi nümayəndəsi təyin edilməzdən əvvəl 4 il ərzində “Azercell Telekom” şirkətinin diler şəbəkələrində satış və servis dəstəyini idarə edib.
Kaspersky laboratoriyası” kompüter virusları, spam, haker hücumları və digər kibertəhlükələr üzrə müdafiə sistemləri hazırlayan şirkətidir.
N. Abbasova