Tehran “Şimal-Cənub” dəhlizi çərçivəsində dəmir yolunun tikintisi üçün investisiyanın cəlb edilməsi məsələsini nəzərdən keçirir. Bu barədə İranın Azərbaycandakı səfiri Möhsün Pakayin məlumat verib.
“İran Rəşt-Astara dəmir yolunun tikintisi üçün investisiyanın cəlb edilməsi imkanlarını öyrənir. Təbii ki, bu, çox vacib yoldur, çünki şimalla cənubu birləşdirəcək. “Şimal-Cənub” dəhlizindən istifadə edəcək bütün ölkələr bu işdə iştirak etməli və onu dəstəkləməlidir”, - deyə M.Pakayin Bakıda mətbuat konfransında çıxışı zamanı bildirib. Onun sözlərinə görə, İran bu məsələni İslam İnkişaf Bankı qarşısında qaldırıb.
Səfir qeyd edib ki, bəzi Çin şirkətləri də bu layihədə səhm sahibi olmaq istəyirlər.
“Bu mövzuda Moskva ilə də danışıqlar aparılır. Biz inanırıq ki, tezliklə danışıqlar nəticə verəcək. Hesab edirəm ki, layihə yaxın zamanlarda həyata keçiriləcək”,- deyə o qeyd edib.
Astara şəhərində İran və Azərbaycan arasında körpü salınması məsələsinə toxunan M.Pakayin söyləyib ki, Bakı və Tehran arasında bununla bağlı razılaşma əldə olunub.
“Hesab edirəm ki, bu istiqamətdə lazımi addımlar atılacaq”,- deyə diplomat qeyd edib.
Astara-Rəşt-Qəzvin dəmir yolu Rusiya, Azərbaycan və İranın mövcud dəmir yollarını birləşdirəcək tikilməkdə olan nəqliyyat dəhlizidir. Layihə “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi çərçivəsində həyata keçirilir. Bu layihənin məqsədi Rusiya, Azərbaycan, İran, Hindistan və Omanın nəqliyyat-informasiya magistrallarının inteqrasiyasıdır.
Astara-Rəşt-Qəzvin dəmir yolu layihəsi Azərbaycanın Astara şəhəri ilə İranın Astara, Rəşt və Qəzvin şəhərlərinin dəmir yollarını birləşdirmək üçün İran ərazisində yeni dəmir yolu qolunun tikintisini nəzərdə tutur.
Azərbaycan, İran və Rusiya arasında 2005-ci ildə imzalanmış yol tikintisi haqqında saziş İran ərazisində təxminən 350 km uzunluğunda, Azərbaycan ərazisində isə Astara ilə Azərbaycan-İran sərhədi arasında 8,5 km uzunluğunda dəmir yolu seqmentlərinin tikintisini, eləcə də Azərbaycan ərazisində mövcud olan dəmir yolunun yenidən qurulmasını nəzərdə tutur.
Layihənin dəyəri $200 mln. təşkil edir.
F.İsazadə