Moskva Rusiya Federasiyasının prezidenti Vladimir Putinin İrəvana səfərinin Türkiyə tərəfindən də düzgün qiymətləndiriləcəyinə ümid edir. Bu barədə çərşənbə axşamı RF xarici işlər nazirinin müavini Qriqori Karasin bəyan edib.
“Ümid edirəm ki, Rusiya prezidentinin İrəvanda keçiriləcək “erməni soyqırımı”nın 100 illiyinə həsr olunan tədbirlərdə iştirakı Türkiyə də daxil olmaqla, bütün ölkələrdə düzgün anlaşılacaq”, - deyə o, “İnterfaks”a müsahibəsində bildirib.
“Düşünürəm ki, bu, Rusiya ilə Türkiyə arasında münasibətlərə xələl gətirməyəcək. Əksinə, qeyd olunan bütün tarixi hadisələrə ciddi yanaşdığımızı nümayiş etdirəcək”, - deyə rus diplomat əlavə edib.
Daha əvvəl Kremlin mətbuat xidmətindən verilən məlumata görə, aprelin 24-də V.Putin Ermənistan Respublikasının dövlət başçısı Serj Sarqsyanın dəvəti ilə Osmanlı imperiyasında “erməni soyqırımı”nın 100 illiyinə həsr olunan xatirə tədbirlərində iştirak etmək üçün İrəvana səfər edəcək.
Həmçinin bildirilir ki, bu həftə Dövlət Dumasının sədri Sergey Narışkin Dardanel əməliyyatının 100 illiyinin qeyd olunmasında iştirak etmək üçün İstanbula gedəcək.