Vüqar Həşimovun xatirəsinə həsr olunan “Shemkir chess 2015” superturnirində Şəhriyar Məmmədyarov azərbaycanlı şahmatsevərlərə ilk qələbə sevincini yaşadıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosu xəbər verir.
“Shemkir chess 2015” superturnirində 5-ci tur arxada qalıb. Bu turda təmsilçilərmizdən Şəhriyar Məmmədyarov Vladimir Kramniki məğlub edib. Digər iti zəka sahibimiz Rauf Məmmədov autsayder Maykl Adamsla sülh bağlayıb. Eks-dünya çemionu Vişvanatan Anand lider Uesli Sonu, yarışın 1 nömrəli favoriti Maqnus Karlsen Maksim Vaşye-Laqravı ağ bayraq qaldırmağa məcbur edib.
Fabiano Karuana Aniş Qiri duelində isə qalib müəyyənləşməyib. Hazırda turnir cədvəlinə 4 xalla Karlsen başçılıq edir. 3.5 xalı olan So ikinci, 3 xala malik Anand üçüncüdür. Aktivində 2.5 xalı olan Məmmədyarov və Kramnik 4-cü 5-ci yerləri bölüşdürür. Qiri, Məmmədov, Vaşye-Laqrav və Karuana 2 xalla 6-cı 9-cu yerdədilər. Sonuncu pillədə 1.5 xalı olan Maykl Adamsdır.
Bu gün yarışda istirahət günüdür. Turnirdə iştirak edən şahmatçılar Şəmkirdə şahmat məktəbinin tələbələri ilə görüş keçirəcək.