2015-ci ilin yanvar-mart aylarında Bakıda 3 minə yaxın cinayət hadisəsi qeydə alınıb. Bu barədə Bakı Şəhər Baş Polis İdarəsində (BŞBPİ) 2015-ci ilin I rübünün nəticələrinə və qarşıda duran vəzifələrə həsr olunmuş geniş əməliyyat müşavirəsində məlumat verilib.
“Bu ilin I rübündə Daxili İşlər Nazilriyi Bakıda 2933 cinayət hadisəsi qeydə alıb”,- deyə BŞBPİ-nin rəisi Mirqafar Seyidov bildirib.
Onun sözlərinə görə, bu, ötən ilin analoji dövrünün göstəricisindən 24 hadisə azdır.
“Onlardan 1402-si və ya 81,8%-i az ağır və böyük ictimai təhlükə törətməyən, 531-i və ya 18,1%-i isə ağır və xüsusilə ağır cinayətlər olub”, - deyə M.Seyidov qeyd edib.
Müşavirədə nəzərə çatdırılıb ki, ötən ilin eyni dövrü ilə müqayisədə qəsdən sağlamlığa ağır zərər vurma cinayətləri 7%, az ağır cinayətlər 5,9%, böyük ictimai təhlükə törətməyən cinayətlər 4%, mülkiyyət əleyhinə cinayətlər 0,2%, o cümlədən dövlət və ya bələdiyyə əmlakı oğurluğu 3,8 dəfə, xüsusi əmlak oğurluğu 10,7%, mənzillərdən oğurluq 11,4%, avtonəqliyyat oğurluğu 11,1%, insan alveri cinayətləri 35,3% azalıb.
Ümumi cinayətlərin 68,7%-nin (ötən ilin yanvar-mart aylarında 66,4%), ağır növ cinayətlərin 75,5%-nin, bütövlükdə naməlum şəraitdə baş vermiş cinayətlərin isə 56,8%-nin açılması təmin olunub.
Hesabat dövründə 18 soyğunçuluq və quldurluq cinayəti törətmiş 38 nəfərdən ibarət 15 qrup, eləcə də 29 mənzil oğurluğu cinayəti törətmiş 27 nəfərdən ibarət 12 qrup ifşa edilib, həmçinin bu müddətdə aşkar edilmiş 380 fakt üzrə qanunsuz dövriyyədən 108 kq 284 qram (ötən il 72 kq 616 qr) narkotik vasitə çıxarılıb.
R.Babayev